fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Gürcüstanda erkən evlilik: bəyaz gəlinlikdə qaralan talelər

27 June 2019
Sənubər qızı ilə (Gülnur Kazımova / OC Media)

Gürcüstanda erkən evliliyə qarşı qanunların sərtləşdirilməsinə rəğmən etnik azərbaycanlı əhali arasında bu sahədə vəziyyət dəyişməz olaraq qalır. Bu cür evliliklər çox zaman faciə ilə nəticələnir, gənc qızlar təhsildən məhrum edilir, ailədaxili zorakılığın qurbanı, hətta bəzi hallarda həyatlarından olurlar. 

“Mən həyatımı doğulan gün uduzmuşam. Doğulan kimi valideynlərim məni başqa bir ailəyə gəlin verəcəklərinə vəd etmişdilər. Uşaqlığımdan bu söhbətin içində böyüdüm, 15 yaşım olan kimi də toyumuzu elədilər. Heç mənim fikrimi belə soruşan olmadı.”

Gürcüstanın paytaxtı Tbilisidən cəmi 18 kilometr aralıda yerləşən və əsasən etnik azərbaycanlıların yaşadığı Msxaldidi kəndinin sakini olan Sənubər (ad şərtidi) hər il erkən yaşda ərə verilən yüzlərlə gənc qızdan biridir.  

Hazırda cəmi 17 yaşı olan qızcığaz yaşyarımlıq uşağının beşiyini yelləyə-yelləyə sevmədiyi insanla evlənməyə məcbur qalmasından danışır.
“Mən kim idim ki, etiraz edəm. Bircə dəfə atama oğlandan xoşum gəlmədiyimi dedim, nişandan qabaq idi. Atam isə, ölsən də ona ərə getməlisən, mən kişi sözü vermişəm dedi. O zamandan susmuşam.”

Azyaşlı olduğuna görə, Sənubərin hələ də rəsmi nigahı yoxdur. Gəlin olaraq gətirildiyi evdə ondan başqa daha 9 nəfər yaşayır. Onun zərif çiyinlərinə belə bir böyük ailənin qulluğunda durmaq kimi bir ağır yük qoyulub. Deyir, evdəki işlərinin bəzən öhdəsində lazımınca gələ bilmədiyindən qaynanası ilə tez-tez münaqişəsi olub. 

Erkən evliliklərin əksəriyyəti qeydiyyata alınmır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2019-cu ilin mayında dərc etdiyi sonuncu gender bərabərsizliyi İndeksinə əsasən, Gürcüstanda 15-19 yaş arasında olan qızların 14 faizi evlidir. 

Gürcüstanın Ombudsman Aparatının 2018-ci ilə dair illik hesabatında qeyd edir ki, əksər erkən evliliklər qeydiyyata alınmayıb. Bununla belə hesabatda 738 azyaşlının övlad şahidi olduğu bildirilir. Onlardan 715 nəfəri qadın, 23-ü isə kişidir. 

Azərbaycanlılar, erməni və etnik ruslar da daxil olmaqla etnik azlıqların çoxluq təşkil etdiyi Kvemo-Kartlı bölgəsində “BMT-Qadınlar” təşkilatı tərəfindən 2017-ci ildə aparılan araşdırma zamanı qadınlar arasında sorğu keçirilərək, onlardan ailə qurarkən və ya partnyorları ilə birgə yaşamağa başladıqları zaman hansı yaşda olduqları soruşulub. Araşdırma göstərir ki, etnik azlıqlar arasında evli qadınların 32 faizi 18 yaşına çatmadan ailə qurub. Onlardan 5 faizi evlənərkən 13-14 yaş, 16 faizi isə 15-16 yaş arasında olublar. 

Mercy Corps beynəlxalq humanitar təşkilatının sosioloqu olan Samirə Bayramova bildirir ki, qanunların sərtləşdirilməsinə və cəzaların ağırlaşdırılmasına baxmayaraq Gürcüstanda erkən evliliklərin sayı artmaqda davam edir.  

“Apardığımız sosioloji araşdırmalar təəssüf ki, son iki ildə erkən evliliyin əksinə artdığını göstərir. Görünür nə qanunun sərtləşməsi, nə də cərimələr etnik azərbaycanlıların yüz illərə söykənənə bu ənənlərinə güc gələ bilmir”, deyə, o qeyd edir.

Qızlar ərə verilmək üçün məktəbdən uzaqlaşdırılır 

Qardabani Bələdiyyəsinin Nəzərli kənd məktəbində 4 ildir ki, gürcü dili müəlliməsi kimi çalışan 27 yaşlı Nübar Bayramova deyir ki, azərbaycanlılar bir qayda olaraq 8-ci sinifdən sonra qızlarını məktəbə gətməyə qoymurlar.   

“Dərs dediyim siniflərdən birində qız şagirdimdən birini valideynləri məktəbdən kənarlaşdırmışdılar. Qız məndən ona kömək etməyimi xahiş etdi. Direktor və müəllimələrlə danışıb, buna mane olmağı qərar verdik”.

“Qızın atası görüşdən qaçsa da, anası ilə dəfələrlə görüşüb, danışa bildik. Amma təəssür ki, bir nəticəsi olmadı və qızı tezliklə evlənməyə məcbur etdilər. Hazırda dərs dediyim XII sinifdə 7-8 qız şagirdim artıq ailə həyatı qurub”, Bayramova belə deyir. 

İctimai Müvəkkilin 2017-ci il üzrə hesabatına əsasən, 2015-2017-ci illərdə təxminən 5700 şagird orta təhsili başa vurmadan məktəbi tərk edib. Ən yüksək göstərici Tbilisi, Kvemo-Kartli, Acarıstan və Kaxetidə təsadüf edilib. 

“Tbilisidə bu, güman ki, əhalinin çoxluğu ilə əlaqəlidir. Lakin Kvemo-Kartli, Acarıstan və Kaxetidəkı göstəricilər xüsusi diqqət tələb edir, çünki, Ombudsmanın tövsiyyələrinə əsasən, bu regionlarda erkən evlilik və təhsildən uzaqlaşanların payı çox yüksəkdir”, hesabatda belə qeyd edilir. 

“BMT-Qadınlar” təşkilatının araşdırmasına əsasən, Kvemo-Kartlidəki etnik qadınların 40 faizi orta məktəbi bitirməyiblər və 7 faizi isə ümumiyyətlə təhsil almayıblar. Ali təhsil məzunlarının sayı isə daha azdır — 5 faiz. 

Məktəblərdə davamiyyətə Sosial Xidmət agentliyi tərəfindən nəzarət edilir. Bununla belə, Agentliyin direktor müavini Levan Qoqadzenin şərhinə əsasən güman etmək olar ki, sosial işçilər valideynləri uşaqlarını məktəbə göndərməyə məcbur edə bilmək üçün çox da geniş səlahiyyətlərə malik deyillər: 

“Qanunla, əgər yeniyetmə bir müddət məktəbə gəlmirsə, məktəb rəhbərliyi Sosial Xidmət Agentliyinə müraciət edir. Bizim sosial işçilər ailə ilə görüşür və uşağı və onun qanuni qəyyumlarını təhsilin vacibliyinə dair məlumatlandırır”, Qoqadze OC Mediaya belə deyir. 

Qoqadze qanuni qəyyumunun uşağa qarşı laqeyd olduğu aşkarlandığı təqdirdə sosial işçilərin öz vəzifə və səlahiyyətləri çərçivəsində davrandığını qeyd etsə də, konkret olaraq hansı tədbirlər gördüklərini açıqlamır. 

Onun sözlərinə görə, bugünədək Agentliyə qızların təhsillərini yarımçıq qoymağa məcbur edilməsi haqda hər hansısa məlumat daxil olmayıb. 

Yerli Vətəndaş İnkişafı İstitutu adlı təşkilatın təhsil üzrə eksperti Tamar Mosiaşvili bildirir ki, qızları orta təhsili yarımçıq qoyub, ailə qurmağa sövq edən səbəblərdən biri də yoxsulluqdur. O qeyd edir ki, bu cür halların daha çox təsadüf edildiyi bölgələrdə yoxsulluq səviyyəsi daha yüksəkdir. 

O həmçinin etnik azlıqların yaşadığı regionlarda təhsilin keyfiyyətinin daha aşağı olmasının müəllim çatışmamazlığı və gürcü dilinin zəif tədris edilməsi ilə də əlaqələndirir.  

Lakin bütün bu çətinliklərə baxmayaraq, hələ də onların öhdəsində gəlməyə çalışan və təhsillərini davam etdirmək üçün mübarizəya qərar verənlər də var. Marnueli rayonunun 20 yaşlı Təkəli kənd sakini Gülgün Məmmədova deyir ki, uşaqlıqdan oxumaq həvəsində olub və digər iki bacısından fərqli olaraq, o, özünü erkən yaşda ərə verilməkdən xilas edə bilib.

Gülgün Məmmədova (Ülkər Natiqqızı /OC Media)
Gülgün Məmmədova (Ülkər Natiqqızı /OC Media)

“Bütün kənd kimi bizim evdə də 13 yaşımız olan kimi evlilik söhbətləri gedirdi. Hər iki bacım erkən yaşda ərə verildilər, amma mən ərə getməyəcəyimə və oxuyacağıma israr etdim. Hazırda Tbilisi Dövlət Universitetində təhsil alıram”, Gülgün belə deyir.

 Gəncliyi oğurlananlar 

Lakin heç də hər gənc qızın bəxti Gülgün Məmmədovanın kimi gətirmir. Qızların məcbur evliliklərə etirazları əksər hallarda nəticə vermədiyindən bəzən faciələrə də səbəb olur. Telavi bələdiyyəsinin Qaracalar kəndində eyni məktəbin iki şagirdi 2012 və 2014-cü illərdə intihar ediblər. Onların hər ikisi məcburi ərə verilmək istəmirdilər. 

Telavi rayon Prokurorluğundan OC Mediaya bildirdilər ki, hər iki iş üzrə cinayət işi başlamasına baxmayaraq, “toya hazırlıqla bağlı hər hansısa bir sübut olmadığından”, valideynlər məsuliyyətə cəlb edilməyib.  

Bəzən bir vaxtlar özləri də erkən evlilik qurbanı olduğundan gəncliklərindən məhrum edilənlər də bu ənənələrə haqq qazandırırlar.

İntihar edən qızlardan birinin nənəsi olan Sünbül xanım deyir ki, özü də 14 yaşından ərə gedib. Onun sözlərinə görə, belə gənc yaşda ailə qurmağa könlü olmasa da, elin adətinə qarşı çıxa bilməyib.

“Mənim heç nədən xəbərim yox idi, bir də dedilər ki, bəs evlənmək üçün razılığını vermişik, payızda toyundu. Bizim həddimiz nə idi ki, ərə getmək istəmədiyimizi dilə gətirək. Odur ki, mən də heç etiraz etmək barədə düşünmədim”. 

“Hər ailədə belə idi, qız 13-14 yaşı oldu, ərə verilməli idi. Mənim yoldaşım evin böyüyü idi, 14 nəfərlik külfəti olan ailəyə baxmışam. Uşaq canımı xəstə salmışam. İndi düşünürəm belə gənc yaşda ərə getmək doğru deyil. Amma adətimiz belədi. Mən o nəvəmi öz tanıdığıma, bildiyimə verməsəydim, başqası qaçırdacaqdı. Olan bizə oldu, daha günahkar axtarmağın nə yeri?!”.

Ailədaxili zorakılıq

Təhsil, şəxsi xoşbəxtlik məsələlərində valideynlərinə öz sözünü demək hüququ tanınmayan etnik azərbaycanlı qızlara qarşı ailədaxili zorakılıq ər evində də davam edir. Buna qarşı çıxmaq istədikdə isə bəzən həyatlarından belə məhrum olunmaq təhlükəsi ilə qarşılaşırlar. 

Poniçala qəsəbəsinin 20 yaşlı sakini Günay İsayeva ərindən ayrılmaq istədiyinə görə 2016-cı ildə qətlə yetirilib. Əri onun boğazını iki azyaşlı uşağının gözü qarşısında kəsib. 

Günayın əri onu 13 yaşından qaçırmışdı. Baxmayaraq ki, əri onu hələ ayrılmaq üçün nənəsinin evinə gedərkən öldürməklə hədələmişdi, yaxınları polisin bunu ciddiyə alıb, bir tədbir görmədiyini deyirlər.

Günayın əri Novruz Əliyev 11 illik azadlıqdan məhrum etmə cəzası alıb. 

Poniçalanın daha bir sakini 26 yaşlı Zərifə (ad şərtidir) isə də deyir ki, ərə gəldiyi səkkiz il ərzində əri tərəfindən az qala hər gün döyülür.

“O gün isə yumruğu başımdan elə vurdu ki, günlərdi ağrısı keçmir, gözümün içinə qan yığılıb və görməm də zəifləyib. Yay mövsümündə belə qısaqol köynək geyinməyə utanıram, çünki qollarımda göyərtisiz yer olmur. Amma artıq qohumlarım və qonşularım da hər şeyi bilir, üzümdə-gözümdə göyərti görəndə, daha sual etmirlər. Mənim kimi onlara da bu halım artıq adiləşib”, Zərifə belə deyir. 

O danışır ki, kənddə ərinin zorakılıqlarından polisə müraciət edən qadınlar da olub, lakin ciddi müdaxilələr olmadığından, bu əksər hallarda qadınların əleyhinə işləyir.

“Polisə ərizə verirsən ki, uzaqlaşdırma qərarı çıxarsın. Onlar da gəlib, ərlə guya “profilaktik söhbət” edib, gedirlər. Qadın polislər göndərmirlər ki, dərdimizi deyək. Günay da bu laqeydliyin qurbanı oldu. Bəlkə də sabahkı qurban mən olacam...”, Zərifə belə deyir.

Elə həmin qəsəbədə 2017-ci ilin fevralında qaçırılan bir məktəbli qızın yaxınları, onların polisə ərizələrinin üç gündür ki, qəbul edilməməsinə etiraz olaraq, yaxınlıqdakı Tbilisi–Rustavi yolunu bir neçə saatlığına kəsmişdilər. 

Qanunlar sərtləşdirilir, bəs tətbiqi necə?

Partnership for Human Rights təşkilatının nümayəndəsi Ana Arganaşvili hesab edir ki, ailədaxili zorakılığa qarşı mübarizə məsələsində əsas problem hüquq-mühafizə qurumlarının məsələyə həssas yanaşmaması, qurbanları potensial risklərdən qorumaq üçün xüsusi dövlət siyasətinin olmamasıdır. 

“Zorakılıq və qətl riskləri olan situasiyalarda dövlət, eləcə də polisin fərdlərin həyatını qorumaq və müdaxilə etmək kimi öhdəlikləri var. Aydındır ki, ailədaxili zorakılıq gizli baş verir, bəzən isə qurban zorakılıq törədən şəxdən qorxduğu üçün şikayət etmir və ya ərizəsini geri götürür”, Arganaşvili belə deyir. 

“Bu səbəbdən də polis  xüsusi həssaslıq göstərməli və baş verə biləcək cinayətin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməlidir. Hazırda isə Gürcüstan polisi ailədaxili zorakılığa digər cinayətlərə olduğu kimi yanaşır və heç bir həssas yanaşma tətbiq etmir”. 

Anna Arganaşvili həmçinin qeyd edir ki, Gürcüstan 2017-ci ildə Avropa İttifaqının məişət zorakılığının qarşı İstanbul Konvensiyasını qəbul etdikdən sonra günahkarların cəzalandırılması sahəsində bir sıra ciddi atdımlar atıb: 

“Lakin qadınlara qarşı zorakılıqların qarşısının alınması və onların hüquq və imkanlarının genişləndirilməsi sahəsində böyük əngəllər qalmaqdadır”, Arganaşvili deyir. 

Daxili İşlər Nazirliyində ötən il yaradılan İnsan Haqları Departamentinin məlumatına görə, qadınlara qarşı zorakılıqla mübarizə, eyni zamanda qızların erkən yaşda ərə verilmələri ilə bağlı cinayətlərin vaxtında aşkarı və effektiv istintaqın təmin olunması qurumun əsas preoritetlərindəndir. 

Nazirlikdən OC Mediaya bildirdilər ki, 2018-ci ilin ilk 9 ayı ərzində “azyaşlı ilə cinsi əlaqə”, yəni azyaşlılarla qeyri-rəsmi nigahlarla bağlı 133 halla cinayət işi başladılıb. 

Bu işlər Cinayət Məcəlləsinin üç maddəsinə əsasən qaldırılıb — “azyaşlı ilə cinsi əlaqə”, “nigaha məcburetmə” və “qanunsuz azadlıqdan məhrumetmə”. Bu işlərdən 23-ü azyaşlının qaçırılması ilə bağlıdır. 

Bu halların regionlara görə bölgüsünə gəlincə, azyaşlı ilə cinsi əlaqə hallarına dair ən yüksək göstərici — 34 faiz, nigaha məcburetmə hallarının isə hamısı Kvemo-Kartlidə qeydə alınıb.  

Nazirlik bu cür cinayətlərlə bağlı müstəntiqlərin təlimləndirilməsi, hüquq-mühafizə, bələdiyyələr, sosial və təhsil qurumları ilə kommunikasiya və əməkdaşlığın gücləndirilməsi, cəmiyyətin maarifləndirilməsini gücləndirməyi planlaşdırır. 

Qanun erkən evliliyə artıq heç bir halda yol vermir

Gürcüstanda Mülki Məcəlləyə əsasən, minimum nigah yaşı 18-dir. 2015-ci ilin dekabrınadək 16-18 arası yaşda qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Qanunvericiliyə edilən dəyişiklikdən sonra yalnız 17-18 yaş arası qızların nigahına hamiləlik və ya körpənin dünyaya gəlməsi kimi zəruri hallarda yol verilirdi. 

Lakin Ombudsmanın təklifi ilə 2017-ci ilin yanvarından qanuna edilən dəyişiklikdən sonra 18 yaşdan aşağı qızla nigah tam qadağan olunub.

 

Lakin Ombudsaman aparatının əməkdaşı Ekaterine Sxiladze də bildirir ki, qanuna edilən dəyişiklik xüsusi bir nəticə verməyib, erkən evlilik məsələsi hələ də ciddi problem olaraq qalır:

“Gürcüstan höküməti tərəfindən həyata keçirilən bir sıra müsbət addımlara baxmayaraq, erkən nigahlar və nişanlanma qızların hüquqlarına mənfi təsir göstərən, gender bərabərsizliyinin ən narahatedici təzahürlərindən biri olaraq qalır. Rəsmi statistikaya görə 2017-ci ildə məcburi evliliklərlə bağlı 6, qızqaçırma hadisəsi ilə bağlı 41, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaya görə isə 173 cinayət halı qeydə alınıb. Erkən yaşda doğuşların da göstəricisi yüksəkdir — 835 hal”. 

Əhali arasında erkən evliliyin ciddi fəsadları haqda maarifləndirmə işinin vacibliyini vurğulayan Ekatirina Shkiladze, həmçinin qeyd edir ki, problemin hələ də kəskin olaraq qalmasının daha bir səbəbi isə təhsil müəssisələri, hüquq mühafizə orqanları və ailələrlə işləyən Sosial Xidmət Agentliyi arasında əlaqələrin zəif qurulmasındadır. 

Bir ildə 26 qadın qətlə yetirilib

Gürcüstan Parlamentində Gender Bərabərliyi Şurasının üzvü, deputat Dimitri Tskitişvili qeyd edir ki, mütəmadi olaraq minlərlə qadın fiziki və mənəvi zorakılığa məruz qalmasına rəğmən, hələ də çoxları bunu ailəiçi, şəxsi məsələ hesab edir.

“Qurbanların rəsmi statistikası ilbəil artmaqdadır. Ailədaxili və qadınlara qarşı zorakılıqlar faciəvi nəticələrə səbəb ola bilir. Yalnız 2017-ci ildə 26 femisid (qadın qətli) hadisəsi baş verib. Femisid hallarının səbəblərinin [analizi] bizə cəmiyyətin qadınlara münasibətinin dəyişməli olduğunu anlamağa əsas verir. Ənənəvi gender rolları Gürcüstan cəmiyyətində hələ də çox güclüdür. Bu steriotiplər, misal üçün, siyasətdə də olduğu kimi kişilərin dominantlıq etdiyi sahələrə qadınların girişini əngəlləyir”, Tskitişvili belə deyir.

Onun sözlərinə görə, Gürcüstanda qadınlar hökumət strukturlarında yalnız 11, Parlamentdə isə 15 faiz təmsil olunublar. 

Msxaldidi kənd sakini, Sənubərin anası Firuzə Məmmədova qızının erkən yaşa ərə getməyə məcbur qalmasına təəssüf etdiyini deyir. 

“Məni də çox erkən yaşda ərə getməyə məcbur etdilər. Mənim 14 yaşım var idi”, deyir Məmmədova. “Mən istəməzdim ki, qızım da mənim kimi övladına baxmaq üçün yuxusuz gecələr keçirsin. Amma bu bir faciədir — atanın vədinə qarşı çıxmaq olmaz. Burda geriyə yol yoxdur. Mən övladlarıma təhsil verə bilməsəm də onları böyütdüm. Ümid edirəm ki, Sənubər məndən güclü olacaq...”. 

Sənubər və qızı (Gülnur Kazımova / OC Media)

Cəmi 17 yaşı olan Sənubər deyir ki, öz gələcəyi ilə bağlı nələrisə arzulamağı, xəyallar qurmağı özünə qadağan edib.

“Mənim həyatdan heç bir gözləntilərim artıq yoxdur. Öz gələcəyimdən əlimi üzmüşəm” deyir Sənubər. “Mən sadəcə qızıma yaxşı təhsil vermək istəyirəm və ümid edirəm ki, o xoşbəxt gələcək qura biləcək. Mənim valideynlərim arzularımı və uşaqlığımı əlimdən aldılar. Amma mən qızımın da belə bir taleyi yaşamasına imkan verməyəcəm”. 

Bu məqalə OPEN Media Hub layihəsinin dəstəyi ilə hazırlanıb və Avropa Birliyi tərəfindən maliyyələşdirilib.