Bu seriyada 2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra yaranan sosial travma fenomeni ermənilərin və azərbaycanlıların fərdi hekayələri vasitəsilə öyrənilir, bu travmanın necə təzahür etdiyi və davam edən münaqişənin dinamikasında hansı rolu oynadığı araşdırılır. Sonuncu hissədə birinci Qarabağ müharibəsi nəticəsində məcburi köçkün düşən qadın müharibədən yaranan psixoloji, emosional yara izləri ilə barışması və dağıdılmış evinə qayıtmaq istəyi haqqında danışır.
Həmsöhbətim bir müəllimədir. O deyir ki, siyasətlə heç vaxt maraqlanmayıb, amma siyasət özü onun həyatına girib və onun taleyini öz dəyirmanında "üyüdüb".
O deyir ki, özünü şanslı hesab edir, çünki nə Birinci, nə də İkinci müharibədə yaxınlarından heç kimi itirməyib, amma bu qədər ədalətsizliyə və kədərə şahid olaraq hiss edir ki, gördüklərinin hamısını öz içinə yığıb və bütün bu 30 il ərzində özü ilə daşıyır. Bu ağır emosional yük onun bütün həyatını dəyişib və özünü hiss etməsinə, başqalarına münasibətinə təsir edib və hansısa bir şəkildə hətta həyatdan zövq almaq qabiliyyətini də iflic edib.
Birinci müharibəyə qədər Füzulidə yaşayıb. Xocalı haqqında dəhşətli söz-söhbətlər yayılmağa başlayanda onun 26 yaşı var idi, təzəcə evlənib, öz kiçik mənzillərinə köçmüşdülər. O deyir ki, KİV-də bu barədə heç nə yox idi, hər şey dildən-dilə ötürülürdü. Çoxları hər şeyini atıb gedirdi, amma nə o, nə də əri təmir və tərtibatına bu qədər əmək sərf etdikləri rahat yuvalarını qoyub getmək istəmirdi. Gedəcək yerləri də yox idi. Onun iki xalası Bakıda yaşasa da, onlardan biri həmin vaxtadək artıq 13 nəfəri öz evinə qəbul etmişdi, digəri isə, görünür, qohum axınına məruz qalmamaq üçün "bütün qohumlardan incimiş" mövqeyini tutmuşdu.
Bu vaxt onun qayınatası öz köhnə Moskviçi ilə birlikdə yoxa çıxdı. Qayınanası tez və nikbin reaksiya verərək "əgər sağdırsa, mütləq qayıdacaq – ermənilərlə razılığa gəlsə, ancaq o gələr" dedi.
İki həftədən sonra onun müqabilində pul tələbi ilə zənglər gəlməyə başladı. Belə ailələr çox idi. İnsanlar itkin düşmüş qohumlarını axtarmaq üçün sərhəd rayonlarına gəlir, onlar haqqında, heç olmasa, bir məlumat tapmağa və ya eşitməyə ümid edirdilər. Bu rayonlarda şayiələrin yayılması intensiv xarakter daşıyırdı – hər kəs əlindən gəldiyi qədər söhbətləri bir-birinə ötürürdü. Bir neçə aydan sonra qayınatasını erməni zabiti ilə mübadilə edə biliblər və üstündən 30 il keçsə də, zabitin adını xatırlayır –Aleksandr.
Qayınatası evə qayıtdıqdan sonra az danışırdı, xüsusən də gəlini ilə. Lakin bir dəfə o, qayınatasının öz dostları ilə söhbətinə şahidlik edib və əmin olub ki, o, həqiqətən də, istənil hallarda razılığa gələ bilər. Erməni silahlıları tərəfindən əsir götürülərkən onun qızıl diş taclarını çıxarıblar, ancaq o, razılığa gəlib ki, tacları ona qaytarsınlar, qızıl haşiyəni isə özlərinə saxlasınlar.
O əmindir ki, qayınatası əsirlikdə olarkən çox şey yaşayıb. Qayınatası özünə söz vermişdi ki, əsirlikdən azad ediləndə Tanrıya şükür əlaməti olaraq evinə dizləri üstündə iməkləyərək qayıdacaq. Çəkdiyi əzab-əziyyətlər barədə heç nə demirdi, amma keçmiş erməni qonşularının oğlu Mişanın həbsxanada onu tanıması və gizlincə ona çörək gətirməsi barədə danışmağı sevirdi.
Gəlin hamilə olarkən onlar Füzulini tərk etməyə qərar verdilər. Onun artıq yetkin olan 3 övladı müxtəlif şəhər və ölkələrdə anadan olublar. Bütün bu illər ərzində o, övladlarını böyüdüb və müəllimliklə məşğul olub, siyasi və ictimai həyata maraq göstərməkdən qəsdən uzaqlaşıb ki, özünə bir daha travma yaşatmasın — düşünürdü ki, bu, ona rahatlıq və əmin-amanlıq gətirir. Yalnız Füzuli camaatı ilə görüşəndə qızğın söhbətə dalaraq, keçmişin təfərrüatları — yaşadığı küçə, yolayrıcında bitən böyük tut ağacı, yasəmənin xüsusi rəngi və qoxusu və s. haqqında danışardı.
Hamı, o cümlədən onun məktəb illərindən dostluq etdiyi erməni rəfiqəsi Füzuli üçün darıxırdı. Rəfiqəsi artıq çoxdan Moskvada yaşayır və hərdənbir onunla Odnoklassniki sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayır. Bir dəfə o belə demişdi: "Bizi bu kiçik şəhərciyimizdə yaşadığımız xoşbəxt həyatdan məhrum edənlər lənətə gəlsin!" O da inanır ki, rəfiqəsi erməni millətçilərini lənətləyirdi.
2020-ci ilin sentyabr ayında İkinci müharibə başlayanda Birinci müharibənin bütün təfərrüatları və ən parlaq mənzərələri gözlər önünə canlanmağa başladı. O, yenə də qeyri-müəyyənliyin yaratdığı narahatlığı bütün ruhu ilə hiss etdi. Hər şey geri qayıtdı, sanki bu müharibə dünən baş vermişdi və bu iki müharibə arasındakı bu 30 il heç olmamışdı.
Onun sözlərinə görə, demək olar ki, hər şey eyni idi, sadəcə həmin müharibədə onun sinif yoldaşları ölürdülər, bu müharibədə isə uşaqlarının sinif yoldaşları.
Noyabrın 10-da axşam saatlarında bacısının ona zəng edərək tez televizoru yandırmasını və Prezidentin qələbə haqqında nitqinə qulaq asmasını deməsini dumanlı şəkildə xatırlayır. Bircə onu xatırlayır ki, gecə saat 2-də küçəyə çıxıb səhərə qədər Bakını gəzmişdi. Bu azadlıq gecəsi idi; həmin gecə o, özü özünə etiraf etmişdi ki, öz övladları, əzizləri barədə nə isə eşitmək üçün Füzulini gəzən insanlarla həmrəylik nümayiş etdirmək üçün yaşayıb və bu 30 il ərzində özünə xoşbəxt olmağa imkan verməyib.
Onu kədərləndirən odur ki, qələbə baha başa gəlib və əgər Birinci müharibədə itkin düşənlərin sayı çox idisə, bu müharibədə çox sayda yaralı və şikəst qalmış gənclər var. O, aydın şəkildə görür ki, həmin gənc uşaqların qazandırdıqları qələbə onlara bu gün onun hiss etdiyi azadlıq hissini bəxş etmir, ancaq bunu göstərməməyə çalışır. Düşünəndə ki, neçə-neçə ana artıq heç vaxt öz oğlunu qucaqlaya bilməyəcək, o öz oğlunu qucaqlamağa da utanır. Eyni zamanda, müharibə qurbanlarına kömək etməyə çalışır, lakin imkanlarının kifayət qədər məhdud olduğunu və yaxşı təlim keçmiş mütəxəssislərə, yaxşı düşünülmüş reaksiya sisteminə ehtiyac olduğunu başa düşür. O düşünür ki, bunlar müharibədən qayıdanlar, məsələn, rəfiqəsinin cəbhədən qayıdandan sonra ümumiyyətlə danışmayan və başını yatağın başına vuran əri kimi insanlar üçün lazımdır.
Bu gün dövlət proqramının bir hissəsi kimi Füzuliyə qayıdacaq şəxslərin siyahıları hazırlanır. Onun tanıdıqlarının hamısı, bir nəfər istisna olmaqla, siyahıya adını yazdırıb.
Onun şəhərinin qaytarıldığını və oraya qayıtmaq imkanı istiqamətində işlərin görüldüyünü bilmək onu rahatlaşdırır və sakitləşdirir. Amma o hiss edir ki, oraya gedəndən sonra olduqca məyus ola bilər, çünki onun uzun illər əvvəl orada qoyub getdikləri artıq çoxdan yoxdur. Həm də başa düşür ki, bütün bu illər ərzində şəhəri ilə birlikdə oradakı keçmişini də qaytarmaq imkanı ilə bağlı düşüncələri beynində daşıyıb və əzizləyib.
O deyir ki, bu, onun 30 ildir darıxdığı, uşaqlıq və gənclik illərinin keçdiyi şəhər deyil, tamam fərqli bir şəhər olacaq. Orada necə yaşayacağını da bilmir, amma mütləq cəhd etmək istəyir – bəlkə də çoxdan gözlədiyi hüzuru orada tapacaq.
Bu məqalələr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Indie Peace” tərəfindən həyata keçirilən "Kollektiv travmanın aradan qaldırılması" təşəbbüsü çərçivəsində dərc edilir. Məqalədə ifadə olunan fikirlərə görə müstəsna məsuliyyəti "Indie Peace" daşıyır və məqalə mütləq şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. İstifadə olunan toponimlər tərcümə dilini əsk etdirir