Azərbaycanda manatın iki dəfə ucuzlaşmasından iki il, dünya bazarında neftin qiymətinin aşağı düşməsindən üç il keçsə də, yerli təşkilatların bağlanması, beynəlxalq kommersiya şirkətlərinin ölkəni tərk etməsi, dövlət büdcəsindən xərcləmələrin azalması bu gün də “işsizlər ordusunun” mövcudluğunu davam etdirir.
[İngilis dilində oxuyun — Read in English]
[Rus dilində oxuyun — Читайте на русском]
“Bu gün Azərbaycanda işləmək istəyən hər kəs iş tapa bilər,” Azərbaycan prezidenti İlham Əliyev bu ilin avqust ayının 4-dəki çıxışında belə deyib.
O əlavə edib ki, 2014-cü ildən bugünədək 1,5 milyon iş yeri yaradılıb ki, bunların da əksəriyyəti daimidir.
Bu hadisələrin fonunda hökumət optimistliyini qoruyub saxlayır. Belə ki, maliyyə böhranına, iş yerlərinin bağlanmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında, 2015-ci ildə rəsmi yoxsulluq həddindən, yəni əmək haqqı 148,5 AZN-dən (87 USD) aşağı olan insanlar əhalinin cəmi 5.9 faizini təşkil edib.
Nazi əlavə edib ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir və bunu “ciddi nailiyyət” adlandırıb.
Statistika reallığa qarşı
2015-ci ilin fevralında Azərbaycan manatı 33 faiz dəyərini itirdi və hökumət bunu rəsmən devalvasiya hadisəsi kimi qiymətləndirdi. Manatın növbəti dəfə qüvvədən düşməsi həmin ilin dekabr ayına təsadüf etdi. Baxmayaraq ki, 2016-cı ilin dövlət büdcəsi artıq təsdiqlənmişdi, məlum hadisədən sonra büdcə yenidən parlamentə qaytarıldı və xərclər hissəsi azaldıldı.
Turan İnformasiya Agentliyinin iqtisadiyyat redaktor, araşdırmaçı-jurnalist Hafiz Babalı hesab edir ki, statistikanın açıqladığı məlumatlar sadəcə ölkədə iqtisadi fəal əhalinin məşğul əhaliyə nisbətini "idarəolunan" səviyyədə saxlamaq, işsizlərin sayının aşağı-yuxarı 250 min nəfərlik "qırmızı xətdən" o yana keçməməsi kimi siyasi sifarişə xidmət edir.
“2004-2016-cı illərdə maaş alanların sayı təxminən 315 min nəfər artıb. Hökumət isə bu dövrdə 1,3 milyon yeni iş yerinin yaradıldığını iddia edir. Bunların böyük əksəriyyətinin fiziki şəxslər olduğu bildirilir. Vergilər Nazirliyinin özü də etiraf edir ki, hər 3 bu cür yeni vergi ödəyicisinin 2-si aktiv deyil.”
REAL hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli birmənalı olaraq, nazirin açıqladığı 5 faiz rəqəmi ilə razılaşmır.
“İşsizliklə bağlı hökumətin verdiyi rəqəmlər və indikatorlar beynəlxalq standartlara cavab vermir. Hökumət pay torpağı olanı və onun ailə üzvlərini artıq işlə təmin olunmuş kimi qeydiyyata alır. Rəsmi rəqəmlərə görə, 800 min nəfərin pay torpağı var. Belə ki, bu insanlar və onların əmək qabiliyyətli ailə üzvləri artıq işsiz sayılmır. Dünyada belə bir yanaşma yoxdur,” Cəfərli əlavə edir.
2017-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,9 min nəfər olub.
Bu işsizlərdən biri də 55 yaşlı İbadət Məmmədovdur. 2016-cı ilin noyabrından bu statusla rəsmən qeydiyyatdadır.
“Devalvasiyadan sonra çalışdığım Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzi) işçilərin də dövlət qulluğuna xitam verildi. Baxmayaraq ki, ştatların sayı mənim müvafiq vəzifəyə təyin edilməyimə imkan verdiyi halda, bugünədək işlə təmin olunmamışam. Qurumun sədri deyir ki, ehtiyatda olan dövlət qulluqçuları elan olunmuş müsahibəyə sənəd verə bilərlər. İcraçılar isə mənim sənədlərimi qəbul etmək istəmir.”
Ərzağın qiyməti qalxsa da, əmək haqqı aşağı düşür
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, Samir Əliyevin sözlərinə görə, devalvasiyanın təsiri olaraq 13 bank bağlanıb. İki bank isə konsolidasiyaya gedərək bir brend altında çıxış etməyə qərar veriblər.
Əliyev hesab edir ki, rəsmi məlumatlarda maaşların artımı göstərilsə də, reallıqda bu, baş vermir.
“Əksinə, özəl sektorda ixtisarlar və maaşların azaldılması baş verib. Maaşların azaldılması daha çox bank sektorunda özünü göstərib.”
Devalvasiya nəticəsində milli valyutanın dollar nəzərən ucuzlaşması qeyri-ərzaqla yanaşı ərzağın da qiymətini artıtıb.
“Təsadüfi deyil ki, rəsmi statistika ərzağın 14-15% civarında bahalaşdığını göstərir,” Əliyev OC Media-ya deyir.
SOCAR-da ixtisarlar
Dövlət büdcəsinin əsasən neft gəlirlərindən formalaşan Azərbaycanda kütləvi işsizliklə ilk üzləşənlər SOCAR əməkdaşları oldu. 2014-cü ildə neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi prosesiə təkan verən ilk hadisədir.
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İB-nin sədrinin sözlərinə görə, ölkədə neft hasilatının və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın özündə və onun tərəfdaş şirkətlərində aparılan ixtisarların nəticəsində çoxlu sayda insan işsiz qalır.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatından aldığımız məlumata görə, hazırda SOCAR və onun tərəfdaş təşkilatlarından ixtisarlarla bağlı 40-a yaxın məhkəmə işi var. Mövzu ilə əlaqədar ixtisara düşmüş işçilərdən açıqlama almaq mümkün olmadı. “Məhkəmə prosesinin gedişinə mənfi təsir edə bilər”, kimi fikirlər səsləndirərək, danışmaqdan imtina etdilər.
Trump Tower-də qeyri-müəyyənlik
Ekspert Natiq Cəfərli deyir ki, devalvasiyadan sonra son 2 ildə dövlət investisiyalarının 40 faiz azaldığını nəzərə alsaq, işsizlikdən “əziyyət çəkən” sahələrdən biri də tikinti sektorudur.
Müstəqil ekspertlər bu sektorda işsizlərin sayını ortalama 80 min nəfər qeyd etsələr də, Statistika Komitəsinin rəqəmləri 20 min nəfəri əhatə edir.
“Tikinti sektorunda bir zamanlar müşahidə edilən inkişaf, sadəcə olaraq neft vəsaitlərinin hesabına baş verirdi, hazırda bu inkişaf da aşağıya doğru irəliləyir.”
27 yaşlı Məsud Əskər 2016-cı ilin noyabrından işsizdir. O, Bakıdakı Trump Tower -də logistic manager assistant vəzifəsində çalışıb. Sabiq nəqliyyat nazirinin oğlu Anar Məmmədov layihənin tərəfdaşı idi. Məsud deyir ki, 2015-ci ilin dekabrında manatın ikinci dəfə dəyərdən düşməsindən sonra tikinti dayandı, ixtisarlar baş verdi.
The Washington Post-un yazdığına görə, maliyyə çatışmazlığı əsasən manatın qiymətdən düşməsindən sonra başlandı. Tikinti 2015-ci ilədək bitməliydi.
“Mənim çalışdığım şirkət isə bütövlükdə fəaliyyətini dayandırdı,” Məsud Əskər əlavə edir.
Turizm və Menecment İnstitutunun məzunu olan Məsud əvvəl ixtisasına uyğun çalışsa da, indi sərfəli iş tapmaqda çətinlik çəkir.
Devalvasiya inşaat sektorunu sarsıtsa da, bir çox bağlanan şirkət rəsmi olaraq statusunu dəyişməyib. Buraya böyük korporasiya olan AKKORD-un bir neçə şirkəti daxildir, onların fəaliyyəti avqust ayının əvvəllərində dayandırılıb. Mətbuata sızmış məlumata görə, AZENCO və EVRACON kimi digər şirkətlər işçilərinin əmək haqqını ödəməkdə çətinlik çəkiblər.
Araşdırmaçı-jurnalist Hafiz Babalı hazırda vəziyyətin normallaşmaya yaxınlaşdığı qənaətindədir.
“Səbəb bu sektorda müəyyən liberallaşmaların-lisenziyaların verilməsində sadələşmə, razılaşdırmaların müddətinin azalması, tikintiyə icazələrin asanlaşması hallarıdır.”
Dövlət böhrandadır?
Samir Əliyevə görə, hökumət iqtisadi böhranı rəsmən tanımır və bunu müvəqqəti çətinlik kimi qəbul edir. Elə buna görə də bir sıra ölkələrdə antiböhran proqramı qəbul edildiyi halda Azərbaycanda böhrana Yol Xəritələri vasitəsilə reaksiya verildi.
“Böhranın etirafı bu günə qədər aparılmış iqtisadi-siyasətin iflasının etirafı olardı. Ona görə də hökumət mövcud vəziyyəti gözlənilməz çətinlik kimi təqdim etməklə iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün zəruri addımlar atılmadığını etiraf etmək istəmir,” Əliyev deyir.