fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Fikir | Azərbaycanın yeni reallığı

27 December 2020

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.

İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini gücləndirdikdən sonra İlham Əliyev bəlli bir ideoloji xətt götürmədi. O, daha çox artıq Azərbaycan diskursunda mövcud olan fərqli konservativ elementlərə müraciət edirdi, çıxışlarında tez-tez 1992-93-cü illərdə hakimiyyətdə olmuş və indi ona müxalif olanları Dağlıq Qarabağın itirilməsində və indiki zamanda xaos yaratmağa can atmaqda günahlandırırdı.

Elitaların və dövlət məmurlarının bir tərəfdə, adi insanların isə o biri tərəfdə olduğu avtoritar-elitist idarə üslubu sayəsində hakimiyyət əhalinin əksəriyyəti tərəfindən onu passiv şəkildə qəbullanmasını təmin etmişdi.

Dövrümüzün bir çox digər avtoritar rejimlər kimi, Əliyev höküməti də kütləvi dəstəkdə maraqlı deyildi. Əvəzində, hakimiyyət cəmiyyəti siyasi proseslərə (məsələn, seçkilərə) iştiraksız münasibətə və ümumilikdə siyasi reallıqların qeyri-legitim görünməsinə sövq etdi. Nəticədə cəmiyyətdə siyasi müxalifətə qarşı yaranan skeptik münasibət hakimiyyətin cəmiyyət tərəfindən xüsusi dəstəklənmədən belə möhkəmlənməsinə kömək etdi, sosial reaksiya yarada biləcək potensial siyasi rəqiblər isə susduruldu.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən bu yana enişli-yoxuşlu, amma ümumən sabit görünən vəziyyət 2010-cu illərin əvvəllərində neft qiymətlərinin ucuzlaşması və iqtidasi problemlər fonunda müəyyən qədər çat verdi. Azsaylı, amma tam yeni və sosial məsələlərə fokuslanmış etirazçı hərəkatlənmə yarandı. 2013-cü ildə “Əsgər ölümlərinə son” aksiyasından sonuncu kütləvi aksiya olan 2019-cu ilin 19 oktyabr mitinqinə qədər hadisələr həm də seçkilərin nəticələri ilə bağlı passiv narazılıq fonunda baş verdi.

Ancaq bu cür daxili sosial ziddiyyətlərin potensialı İkinci Dağlıq Qarabağ müharibəsinin başlaması ilə silindi. Müharibədən sonrakı Azərbaycanda bütöv idarəetmə məntiqi dəyişdi və ictimaiyyət İlham Əliyevi və onun hökumətini tamamilə fərqli görməyə başladı. Həqiqətən də, ATƏT-in Minsk Qrupunun nümayəndələri ilə bu yaxınlarda keçirdiyi görüşdə Əliyevin “bölgədə tamamilə yeni situasiyanın yaranması” haqda dedikləri doğru idi.

Populist Dönüş

Rusiyanın elit MGİMO universitetinin məzunu və rusdilli olan İlham Əliyev opponentləri tərəfindən “xalqdan uzaq durmaqda” günahlandırılırdı, ancaq indi bu cür tənqid mənasını itirib. Müharibə zamanı İlham Əliyevin populyarlığı pik həddə çatmışdı. Öz müharibə nitqlərində o, sonradan müasir Azərbaycan danışıq dilində xüsusi yer tutacaq məcazlardan və xüsusi ifadələrdən geniş istifadə edirdi.

“Biz onları iti qovan kimi qovmuşuq”, “Nə oldu, Paşinyan? Cəhənnəmə getdi status, gorbagor oldu status” kimi ifadələr xalqda eyforiya hissi yaratdı. O, artıq adi kütlədən uzaq elitist idarəçi yox, xalqın sevdiyi, düşməndən intiqam alan və onun Dağlıq Qarabağ arzusunu yerinə yetirən rəhbər idi.

Qələbə paradı zamanı Türkiyə prezidenti, populist avtoritarizmi ilə tanınan Rəcəb Tayyib Ərdoğanla bir yerdə etdiyi çıxış onun da yenicə populist dönüş etməsini çox aydın şəkildə göstərdi.

İndi xalqın Dağlıq Qarabağ arzusu yerinə yetirilib, hakim partiya isə kütləni özünə çəkəbiləcək yeni ideoloji məqsədlər axtarışındadır. Əliyevin “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır” bu yeni modelin misalıdır, Ərdoğanın dediyi şeir də bu xəttə bir növ dəstəkdir. 

Qəribə səslənsə də, bu populist dönüş hakimiyyətin qorunmasını əvvəlki passiv idarəetmə rejimindən daha çətin edə bilər. Əliyev hələ də tutarlı bir ideologiyaya sahib deyil və hər-hansı ərazi iddialarını qərbdə Rusiya sülhməramlıları və cənubda İranın süveren torpaqları kimi gərçəkliklər blok edir. Çox güman ki, populyarlığını qorumaq üçün hökümətin müxtəlif anti-liberal ideoloji dönüşlərinə şahid olacağıq, həm də propaqanda daha praktiki məsələlərə – yeni alınmış ərazilərin bərpasına və inkişafına həsr ediləcək.

Müxalifətin sonu

Düz bir il əvvəl müxtəlif aktivist qruplar yaxınlaşan parlament seçkiləri haqda mülahizələr aparırdılar: mobilizasiya strategiyaları və digər müxalif qruplarla birgə işləməyin yollarını cızırdılar. Bir il sonra o arzular daha keçərli deyil, hər-hansı uğurlu müxalif strategiyanın isə hətta düşünülməsi belə mümkün deyil.

Siyasi reallıqlarda baş verən bu dəyişikliklərə uyğunlaşmağa çalışam ReAl Partiyasının sədri İlqar Məmmədov yeni dominant diskursa əsaslanaraq “Papadan daha güclü katoliklik” etdi və Ermənistana qarşı birbaşa irridentist ərazi iddiaları ilə irəli çıxdı. Digərləri, bəlkə də bu qədər kəskin olmasa da, yeni reallıqlara uyğunlaşmağa çalışdılar və Rusiyanın sülhməramlı missiyasını tənqid etməyi seçdilər, çünki bu missiya Dağlıq Qarabağın tam alınmasının qarşısını aldı, müharibədən sonra baş vermiş atışmalar isə bu tənqidi daha da gücləndirdi.

Ancaq bu cür ritorikanın demokratik və anti-avtoritar mobilizasiya üçün heç bir potensialı yoxdur, bu fakt müxalifətin özünə də aydındır. Heç vaxt hakim rejimə qarşı fundamental ideoloji müxaliflik etməmiş ənənəvi siyasi müxalifət çıxılmaz yola düşdü. Müharibədən əvvəl onlar İlham Əliyevi Dağlıq Qarabağı və ətraf rayonları almadığı üçün iradəsizlikdə suçlayırdılar – indi isə İlham Əliyev qalibdir. Onlar Əliyevi sadə xalqdan kənar durmaqda ittiham edirdilər – indi onun nitqləri xalqa ləzzət edir, istifadə etdiyi ifadələr əsasında meyxanarap yazılır.

Hətta indi belə onlar onu Rusiya maraqlarına gizlidən xidmət etməkdə günahlandırırlar – ancaq o və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında səmimi şəkildə bir yerdə durdular. 

Azərbaycanın yeni reallığında onların təklif edə biləcəyi heç nə qalmayıb.

Gələcəyin işartıları

Bəlkə də sadəlövhcəsinə bir il əvvəl mən təklif etmişdim ki, ənənəvi müxalifət gənc proqressiv aktivisit təbəqəyə müraciət etməlidir və geniş, “çoxluq üçün” olan anti-avtoritar koalisiya yaratmalıdır. Yeni reallıqda isə müharibə zamanında “no-warçı” olmuş proqressivlər marginallaşmış olaraq qalırlar, onların bir çoxu cəmiyyət üçün əvvəlki etibarlılıqlarını itiriblər. Hətta müharibə bitdikdən sonra belə onlara qarşı hücumlar bitmək bilmir.

Bu cür hücumun bir misalı Kanadada yaşayan video blogerin 11 dekabrda yaydığı videodur. 100.000-dən çox baxış almış “Qələbə və bir neçə Q*hbə” adlanan videoda “sülhçülər” və onlara səs haqqı verən platformalar (OC Media da daxil olmaqla) hədəf seçilir. 

Sülh tərəfdarlarını “qəhbə” adlandırmaq artıq yeni deyil. Özünü “dünya azərbaycanlılarının intellektual platforması” kimi təqdim edən və bir zamanlar azərbaycanlı və erməni gey cütlüyün münasibətlərindən bəhs edən “Artuş və Zaur” romanını yazmış və sonradan İsveçrəyə mühacirət etmiş müəllif tərəfindən idarə olunan Azlogos saytı da sülh tərəfdarlarına bir neçə dəfə hücumlar etdi, bunlardan ən gözəçarpanı “NoWar” – Qəhbəliyin bir başqa adı” adlı yazı oldu.

Daxili antaqonizmlər və mübarizə mənasında siyasətin olmadığı, Karl Şmittin dediyi mənada xarici düşmənin də məğlub edildiyi bir vəziyyətdə Azərbaycan siyasi dəyişikliklər üçün ümidsiz bir yerə bənzəyir.

Ancaq müharibədə qazanılmış qələbəyə baxmayaraq, köhnə sosial problemlər yenə də olduğu kimi qalır. Son günlərdə bir neçə video geniş yayıldı. Birində, yenicə alınmış Cəbrayıl rayonunda əsgər yağışdan sonra zədələnmiş “palatkada” yaşamaqdan və ümumi şəraitdən şikayət edir. Yeni alınmış Qubadlıdan yayılmış videoda isə digər əsgər yardım üçün səslənir – onun ailəsi kirayə pulunu verə bilmədiyi üçün evdən çıxarılıb. Geniş yayılmış fotoda Sosial Müdafiə Nazirliyinin 26 yaşında həlak olmuş əsgərin ailəsinə göndərdikləri cılız yardım nümayiş etdirilir.

Bütün bunlar və digər problemlər sosial şəbəkələrdə müharibədən sonra etiraz abu-havası yaratdı, bu isə o deməkdir ki, müharibənin yaratdığı “kvazitotalitarizm” vəziyyəti o qədər də güclü əsaslara malik deyildi. Deməli, etiraz etmək hələ də mümkündür. Təbii ki, hələ heç nə üsyan, və ya ən azından cəmiyyətin dəyişikliklər istəyəcəyini vəd etmir. Ancaq, bununla belə, ümid işartıları da var.

2013-cü ildə “Əsgər ölümlərinə son” aksiyası içlərində mən də olmaqla bir çox azərbaycanlını siyasi aktivizmə gətirdi. Səkkiz il sonra, post-müharibə Azərbaycanında aydın olur ki, biz yenidən başlamalıyıq.

Həminki sosial bərabərsizlik və həminki köhnə avtoritar rejim, o cümlədən yeni narazılıqlar bizimlədir. Yeni etiraz hərəkatının yaranmasına hələ çox var. Yeni nəsil aktivistlərin uğur qazanması üçün bizim nəslin uğursuzluqları – Dağlıq Qarabağ probleminin doğurduğu vəziyyət, tələblərimizdə ideoloji çalarların görünməməsi unudulmamalıdır. 

Əliyev heç vaxt olmadığı qədər güclüdür, lakin bu güc daimi deyil və tarix öz axarındadır – nə qədər o, onu buzlaşdırmaq istəsə də.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.