fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Həyatlarını Azərbaycanda quran əfqan veteranları

8 November 2017
Seyid qızları ilə (Seymur Kazımov /OC Media)

1990-cı illərin əvvəllərində Azərbaycana xeyli əfqan gəlib. Bir çoxu onlara yad olan bu ölkədə yerləşərək, 23 il ərzində özlərinə yeni həyat qurublar.

[Read in English — İngilis dilində oxuyun]

[Read in Russian — Rus dilində oxuyun]

Hazırda Ağdamın Xındırıstan kəndində yaşayan 51 yaşlı Seyid Maqsud Haşimi Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Sovet İttifaqı-Əfqanıstan müharibəsi zamanı 13 yaşında olub. Orta məktəbi yaxşı oxusa da, müharibə üzündən təhsilini tamamlaya bilməyib.

1993-cü ildə isə Ağdam və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, ayağından yaralanıb.

“Sovet qoşunları mənim ölkəmə soxuldular, sonradan ruslar azərbaycanlı müsəlmanlara qarşı ermənilərlə birgə vuruşurdular. Məqsədim həm müsəlmanlara kömək etmək, həm də ruslara qarşı mübarizə aparmaq idi.”

Əfqanların Azərbaycana gəlişi

1979-cu ildə Sovet İttifaqının ölkədə sabitliyi bərpa etmək adı altında Əfqanıstana müdaxiləsi dünyanın siyasi xəritəsində nizamın dəyişməsi ilə yanaşı yüzlərlə gənc əfqanın da həyatını dəyişdi. 9 illik müharibə zamanı əhalinin bir qismi Pakistana, bir qismi isə İrana üz tutur. Onların bəziləri ölkələrinə qayıdır, bəziləri isə məhz bu müharibədən sonra dağılması sürətlənən Sovet İttifaqı əraizisində yaranmış yeni dövlətlərdə məskunlaşırlar. Azərbaycana üz tutan, taleyini bu ölkəylə bağlayan əfqanlar da olub.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənov deyir ki, əfqanların əksəriyyəti Azərbaycana 1992–1996-cı illərdə gəliblər. Onların Azərbaycana gəlişinin birinci səbəbi müharibədən sonra ölkələri daxilində baş vermiş xaos idisə, ikinci səbəb Dağlıq Qarabağ münaqişəsi idi.

“1992-ci ildə Əfqanıstanda Nəcibulla iqtidarı yıxıldıqdan sonra hakimiyyətə sahib olan “Mücahidlər” koalisiyası nəzarəti əldə saxlaya bilmədi. Nəticədə komandirlər arasında yaranan hərbi münaqişə ölkəni vətəndaş müharibəsinə apardı. Bundan sonra radikal islam hərəkatı olan “Taliban” ilə Sovet ordusunun Əfqanıstana müdaxiləsinin əleyhinə çıxış edən nüfuzlu səhra komandirlərinin rəhbərliyi altında parçalanmış mücahidlər dəstələri arasında hərbi qarşıdurma yarandı,” Həsənov OC Media-ya deyir.

Konfliktoloq əlavə edir ki, Azərbaycana gələn əfqanların hamısı döyüşçülər olmayıb. Onların arasında müxtəlif sahələr üzrə mütəxəssislər də olub.

“Eyni zamanda, hərbi dəstələrdə qulluq etmiş adamların da Bakıya gəlməsinə yol açıldı. Onların içərisində Dağlıq Qarabağ müharibəsində könüllü olaraq vuruşanlar, azərbaycanlılar ilə ailə quraraq burada yaşayanlar da az olmayıb.”

“Qarışıq” ailə

Seyid (Seymur Kazımov /OC Media)

Seyid o vaxtdan bugünədək Azərbaycanda yaşayır. Bir dəfə də olsun Əfqanıstana getməyib.

O, fəhləliklə, əkin-biçinlə, həm də ənənəvi islam təbabəti müalicə üsulu ilə ailəsini dolandırır.

“Həkimə gedib şəfa tapmayanlara mən əlac oluram. Bədəndəki, mədədəki ağrıları müalicə edirəm.”

Seyid uşağa qala bilməyən bir çox qadına da şəfa verdiyini deyir. “Kömək edən Allahdır, biz yalnız vasitəçiyik.”

Seyid Maqsud 2002-ci ildə əslən Xındırıstandan olan Gültəkin xanımla ailə həyatı qurur.

Gültəkin xanım deyir ki, gələcək həyat yoldaşı ilk dəfə elçi gələndə onu qohumları verməyiblər. “Doğrusu, elə özüm də əfqan adı gələndə qorxurdum, istəmirdim. Sonra nə oldusa bilmirəm, qoşulub-qaçdım.”

Onun sözlərinə görə, hazırda həyat yoldaşı ilə aralarındakı ən böyük problem ünsiyyətdir. Belə ki, Seyid azərbaycan dilində danışsa da, fikirlərini sərbəst ifadə edə bilmir. O, hələ də doğma dilini unutmayıb və Əfqanıstandakı qohumları ilə öz dillərində danışır.

Uzun illər Azərbaycanda yaşayan Seyid buradakı adət-ənənələrə də uyğunlaşdığını deyir. Dindar olsa da, Yeni il bayramını, Şaxta baba, Qar qızı kimi atributları qəbul edir, evində yolka qurur. Novruz bayramındakı təamları sevsə də, atəşpərəstlik rəmzi olduğuna görə, tonqal qalanmasına razı deyil.

“Bir dəfə tonqal qalamışdıq, gəldi təpiklə vurub dağıtdı. Bəzən çox əsəbiləşir,” deyir Gültəkin xanım.

Seyid dinin, şəriətin tərəfdarı olsa da, Əfqanıstandakı kimi qızlarını təhsildən uzaqlşdırmayıb, yalnız hazırda ölkəsində azyaşlı qızların məktəbə getməmələrini müdafiə edir.

“Burada da müharibə olanda, ara qarışanda kimsə övladını təhlükəsizlik səbəbindən dərsə göndərmir, mənim ölkəmdə müharibə olmasa da, vəziyyət daha pisdir. Amma qız övladı da mütləq oxumalıdır, təhsil almalıdır.”

Belə ki, qızlar həm də musiqi məktəbinə gedirlər. Fatimə tarda Azərbaycan muğamlarını, Zeynəb qarmonda milli rəqsləri, Zəhra isə pianoda Üzeyir Hacıbəyov, Qara Qarayev kimi klassiklərin əsərlərini ifa edir.

Bölünmüş ailə

Böyük qızı Fatimə 8-ci sinifdə təhsil alır. Atasının doğulduğu ölkəni görmək ən böyük arzularından biridir. 13 yaşlı Zeynəbə görə isə Əfqanıstan çox gözəl yerdir, “orada hər yer gül-çiçəkdir.”

Gültəkin xanım da övladları kimi Seyidin qohumlarını sosial şəbəkələrdən görür. Özü Əfqanıstana getmək istəmir, qorxur, çünki orada hər gün partlayış olduğu xəbərlərini eşidir.

“İstəyirəm ki, qayınanam, baldızım, Seyidin bütün qohumları gəlsin buraya, amma mən getmək istəmirəm,” əlavə edir Gültəkin.

Seyid hazırda Əfqanıstandakı vəziyyətə görə oraya getmək istəmir, qohumlarını da iqtisadi vəziyyəti yaxşı olmadığı üçün Ağdama dəvət edə bilmir. Ölkəsindən, ailəsindən uzaq düşən Seyid peşiman deyil.

Gültəkin də əfqanla ailə həyatı qurduğuna görə, bacısı və qardaşı onu bugünədək qəbul etmir və özünün dediyi kimi haqqı olan evdən payını vermirlər. O da peşiman deyil.

“Öz vətənimdəyəm, üç balam var, niyə də peşiman olum ki?!”

“Özüm də gedib Əfqanıstanı görmək istəyirəm, amma...”

Cəfər Məhəmməd Tağı 1970-ci ildə Əfqanıstanın Daykundi əyalətində doğulub. Həmyerlisi Seyiddən fərqli olaraq, o ümumiyyətlə təhsil almayıb. “Sovet ordusu bizim oxumağımıza imkan vermədi, orta təhsilim belə yoxdur.”

1993-cü ildə isə Füzuli istiqamətində gedən döyüşlərdə başından və çiynindən yaralanır.

“Biz ölkəmizdə xəbərlərdən eşidirdik ki, azərbaycanlı müsəlman bacı və qardaşlarımız çətin vəziyyətdədir və istəmirdik ki, bizim yaşadığımız həyatı da onlar yaşasınlar. Ona görə də, könüllü Azərbaycana gəldim,” Tağı OC Media-ya deyir.

Hazırda Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan Tağı da, Əfqanıstana qayıtmayıb. Orada 4 qardaşı və anası ilə yaşayırdı.

Hazırda anası və qardaşlarından biri həyatda yoxdur. Qohumları ilə sosial şəbəkələr vasitəsilə danışırlar.

Ağcabədidə bir müddət dükan işlədib, sonra qaz sayğacı quraşdırmaqla məşğul olub.

Tağı 1995-ci ildə ailə həyatı qurub. “Ağcabədinin Hindarx kəndində işləyirdim. Şəmsiyyə xanım ailəsi ilə toya gəlmişdi, orada görüb bəyəndim.”

Üç övladı var. Həyat yoldaşı da təqaüdçüdür, əvvəllər kolxozda aqronom işləyib. Tağı Əfqanıstana getmək istəməsə də, həyat yoldaşı Şəmsiyyə xanım çox istəyir ki, o, doğma vətənini ziyarətə getsin, onun da qohumları Azərbaycana gəlsinlər.

“Özüm də gedib Əfqanıstanı görmək istəyirəm, amma gəzməyə getmək istəyirəm, yaşamağa yox,” Şəmsiyyə əlavə edir.

Əfqanlar Azərbaycanda bu gün

“Əfqanıstanda 2001-ci ilə qədər davam edən növbəti vətəndaş müharibəsi bəzi əfqanların ölkəyə qayıtmasını imkansız etmişdi, çünki Taliban rejimi onlara müxalifətdə idi,” konfliktoloq Həsənov deyir.

2017-ci ilin avqust ayı ərzində Azərbaycanda 500-dən çox Əfqanıstan vətəndaşına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən qaçqın statusu verilib. Bu barədə Sputnik-Azərbaycan-a BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisinin baş məsləhətçisi Elsevər Ağayev məlumat verib.

“Bu şəxslər Əfqanıstandakı taliban rejimindən qaçanlardır. Bu ilin avqust ayına qədər 564 əfqan qeydiyyata düşüb. Daha 132 əfqan isə Azərbaycana sığınacaq üçün müraciət edib və hazırda onların işinə baxılır.”

Ağayevin sözlərinə görə, əfqanlar Azərbaycandakı qaçqınların ümumi sayının 50%-ni təşkil edir.

“Bizim təşkilatda 1990-cı illərin əvvəllərində Azərbaycanda gəlmiş əfqanların sayı ilə bağlı məlumat yoxdir,” Ağayev OC Media-ya deyib.

Bu məqalə Friedrich-Ebert-Stiftung (FES) Cənubi Qafqazdakı Regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədəki fikirlər, terminologiya, yazı müəllifinin sözləridir, FES və OC Media-nın redaksiya heyətinin nəzər-nöqteyini əks etdirmir.