fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Tək oğlan övladının borcu: vətəni qorumaq, yoxsa nəsli davam etdirmək?

14 December 2017
Rəşadın fotoları evin bütün otaqlarında asılıb. (Seymur Kazımov /OC Media)

Hazırda Cənubi Qafqaz regionunda tələbələrin icbari hərbi xidmət keçmələri ilə bağlı məsələlər müzakirə olunsa da, Azərbaycanda fərqli istiqamətdə müzakirələr aparılır. Əksər vətəndaş ailənin tək oğlan övladının həqiqi hərbi xidmət keçməsini doğru hesab etmir, çünki onlar nəslin davamçısı hesab olunur. Siyasətçilər isə bu təklifə qarşı çıxır və bunu vətənpərvərlik əleyhinə atılmış addım hesab edirlər.

2016-cı ilin aprelin 2-də 20 yaşında şəhid olmuş Rəşad Baxşəliyev də ailənin tək oğlan övladı idi. Atası Əliağa Baxşəliyev OC Media-ya deyir ki, oğlu ilə bərabər bütün ümidləri, arzuları gedib.

“Reallıqla barışmaq lazımdır, amma mümkün deyil. Onun yerini bundan sonra kimsə doldura bilməz. Heç düşmənimə də belə dərdi arzulamaram.”

Rəşad 2016-cı ilin aprelin 1-də hərbi xidmətini başa vurmuşdu. Onun tərxis olunması barədə əmr də verilmişdi. Amma həmin gecə cəbhə xəttində baş vermiş gərginlik zamanı ön cəbhəyə göndərilir və şəhid olur.

“Evimizin yaxınlığındakı kafe ilə danışmışdıq. Həm geriyə dönüşünü qeyd edəcəkdik, həm də nişanlamaq istəyirdim, istəklisi vardı. Oğlum ayın 2-də şəhid olub, biz isə aprelin 11-də xəbər tutduq. Ayın 12-də dəfn etdik,” anası Çimnaz xanım deyir.

Ailə üzvlərinin sözlərinə görə, Rəşadın sağlamlığında problem olduğundan onu hərbi xidmətə göndərmək istəməyiblər. Hətta, bunu isbat edən sənədlər də vardı.

“Oğlum o sənədləri götürdü, elə yerdə gizlətdi ki, ölümündən sonra da tapa bilmirik. Əsgərliyə getmək istəyirdi,” anası əlavə edir.

Rəşadın anasının oğlu ilə bağlı başqa planları vardı — nişan qoyacaqdı, sonra toyunu edəcəkdi. (Seymur Kazımov /OC Media)

Rəşadın kiçik bacısı Gülnaz da onsuz darıxıdığını deyir: “Bir yerdə oynayırdıq, gülürdük, dalaşırdıq, indi tənhayam.”

Əliağa kişi ailənin tək oğlan övladının hərbiyə getməsini istəmir. “Ona görə yox ki, oğlumu itimişəm, lap əvvəldən buna qarşıyam. Tək oğlanlar heç olmasa döyüş bölgələrinə aparılmasın, arxa cəbhədə xidmət etməlidirlər.”

Şəhidin anası da həyat yoldaşının dediklərini təsdiqləyir.

Onlar demək olar ki, həmyaş idi. (Seymur Kazımov /OC Media)

Nəslin davamçısı

Azərbaycan mədəniyyətində oğlan uşaqları qeyri-rəsmi “nəslin davamçısı” statusunu daşıyırlar, həm də ailənin qoruyucusu və əsas qazanc mənbəyi hesab olunurlar.

Böyük şəhərlərdə, əsasən regionlarda ailə həyatı quran gənclər ilk övladlarının oğlan uşağı olmasını istəyirlər. İlk övladlarının qız olacağını bilən bəzi valideynlər hamiləliyin pozulmasına kimi addımlar da atırlar. Bəzən elə olur ki, qız övladının doğulması boşanmaya səbəb olur. Oğlan övladı dünyaya gətirən analara isə münasibət yüksək səviyyədə olur.

Azərbaycan Ədliyyə Nazirliyinin məlumatlarına görə, ölkədə doğulan qız və oğlanların sayı arasında uyğunsuzluq var. Cari ilin yanvar-may arasında doğulan körpələrin 47 faizi qız, 53 faizi isə oğlandır. BMT-nin məlumatına görə, 2016-cı ildə Azərbaycan cins nisbətinin pozulmasına görə dünyada ikinci sırada olub.

“Tək oğlan övladlarına” istisnalar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə, “18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi vətəndaşı Azərbaycan ordusunda müddətli həqiqi hərbi xidmət keçməlidir.”

Ailənin tək oğlan övladlarının hərbi xidmətə aparılmaması Azərbaycan qanunvericiliyində qeydə alınmasa da, cəmiyyətdə fəal şəkildə müzakirə edilir.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov OC Media-ya deyir ki, Azərbaycanda kifayət qədər insan resursu olduğuna görə, tək oğullar əsgərliyə çağırılmaya bilər.

“Orduya çağırışla bağlı da problemimiz yoxdur. Əsgər sayı da yetərincədir. Mən tək oğulların heç olmasa ön cəbhədə deyil, arxa cəbhədə hərbi xidmət keçməsinin tərəfdarıyam,” Cəfərov deyir.

Milli Hərəkat Partiyasından olan millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev OC Media-ya deyir ki, tək oğlan övladının hərbi xidmətə aparılmamağı doğru qərar deyil, hər kəs hərbi xidmət keçməlidir.

“Bu məsələnin tətbiq olunması ailə planlanmasında da müəyyən problemlərə səbəb ola bilər. O zamann ailələr əsgərliyə getməməsi üçün bir oğlan övladı dünyaya gətirərlər. Bu məsələdə yeganə güzəşt şəhid övladlarına aid ola bilər. Əgər şəhidin tək oğlan övladı qalıbsa, o, cəbhə xəttində deyil, bir qədər aralıda xidmətin keçə bilər. Hətta onun da xidmətdən tam azad olunması müzakirə mövzusu deyil.”

Universal çağırış qaydasının tərəfdarları

Millət vəkilləri arasında tək oğlanların hərbi mükəlləfiyyətdən azad olunması təklifinin müdafiəçiləri olsa da, əksər azərbaycanlı siyasətçi ümumi çağırış qaydasının tərəfdarı kimi çıxış edir.

Həmin komitənin daha bir üzvü, bitərəf, amma hakimiyyətə yaxınlığı ilə bilinən Zahid Oruc ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi zamanı Azərbaycanın ümumilikdə 20 min vətəndaşını itirdiyini, bunların da arasında gənclərin çoxluq təşkil etdiyini deyir. Onun sözlərinə görə, bu proses əhalinin demoqrafik artımına mənfi təsir göstərdi. Oruc deputat həmkarı kimi ailənin tək övladının xidmətdən tam azad olunmasını doğru hesab etmir.

“Yəni belə çıxır ki, 2 və 3 oğlan övladına sahibi olan, daha çox sosial ağırlıq götürən, sabah da ölkə üçün əsgər hazırlayacaq vətəndaşlarımız sanki ölkənin qayğısını daha çox daşımış olarlar.”

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Fariz Namazlı da belə bir dəyişikliyin cəmiyyətdə narazılıqla qarşılanacağını deyir: “Burada ayrıseçkilik elementləri var. İki oğlu olan deyə bilər ki, nə üçün mənim hər iki övladım xidmətə gedir, amma başqasının oğlu getmir.”

“Tək oğlan övladlarının cəbhə xəttində deyil, arxa cəbhədə xidmət etməsi,” təklifinə münasibət bildirən hüquqşünas, itkilərin həm də qeyri-döyüş şəraitində olduğunu deyir.

“Bu məsələ elə bir formada tənzimlənməlidir ki, cəmiyyətdə əlavə problemlərə yol açmasın,” Namazlı əlavə edir.

Peşəkar ordu?

Müxalifətdə olan Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyir ki, bu, sosial problemdir və cəmiyyətdə müzakirə olunan aktual məsələlərdəndir.

“Qanunlarda nə yazılmağından asılı olmayaraq, ailənin tək oğlan övladlarının döyüş zamanı həlak olması çox həssas mövzudur, çünki nəslin davamlılığı anlayışı var. Hökumətlərin də əsas vəzifəsi bu cür sosial müzakirəyə səbəb olmuş problemlərin həlli yollarını tapmaqdır.”

Fəttahın sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində, əsasən müharibənin daha qızğın vaxtında bu problem həmin dövrün şərtlərinə uyğun şəkildə hökumət tərəfindən həll edilmişdi- evin tək övladı olan çağırışçılar döyüş bölgəsinə aparılmırdı.

“O vaxt cəmiyyətdə də bu məsələ qətiyyən sorğulanmırdı. İndi vəziyyət bir qədər fərqlidir. Müasir ailələr çoxuşaqlığa meylli deyil və əsasən də ailədə tək oğlan övladı olur. Bu problemdən yeganə çıxış yolu isə peşəkar orduya keçiddir. Azərbaycan bu məsələdə həddindən artıq gecikir. Bizim partiyanın rəsmi mövqeyi budur ki, məsələ tam olaraq kökündən həll olunmalıdr. Bu da, peşəkar ordu modelinin yaradılmasıdır.”

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, Cəsur Sümərinli də müqaviləli ordu modelinin tərəfdarıdır.

“Orduya fiziki və mənəvi cəhətdən hazırlıqlı gənclər dəvət olunmalıdır. Ordu çağırışçı əsasda deyil, müqaviləli əsasda qurulmalıdır. Belə olanda “tək oğlan”ların məsələsi və faciəsi birdəfləik bitmiş olacaq.”

Sümərinliyə görə, “tək oğlan” məsələsninin Azərbaycan cəmiyyətində müzakirə olunmasının obyektiv səbəbləri var.

“Azərbaycanda ordu quruculuğunda ciddi problemlər var. Hər il onlarla Azərbaycan hərbçisi döyüş və qeyri-döyüş şəraitində dünyasını dəyişir. Bir çox hallarda ölüm səbəbləri gizli saxlanılır və baiskarlar günahlandırılmırlar. Beləliklə, belə bir vəziyyətdə orduda “tək oğlan”ların ölməsi cəmiyyətdə şok effekti yaradır və həmin əsgərin həyatı, çətinlikləri müzakirə obyektinə çevrilir. Statistika apardığımız 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda müxtəlif səbəblərdən (döyüş və qeyri-döyüş) dünyasını dəyişmiş 1500 nəfərə yaxın hərbçinin orta hesabla 30-45 nəfərini “tək oğlan”lar təşkil edir,” Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, Cəsur Sümərinli deyir.

“Bu məqalə “International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir və “International Alert” təşkilatı və donorlarının nöqteyi-nəzərini əks etdirməyə bilər.